Al fresco nahar və açıq havada kafe mədəniyyəti

Bölmələr: // Şərh yaz
İngilis dilində "al fresco dining" yəni al fresco nahar etmək açıq havada stol ətrafında nahar etməyə deyilir. Bu adətən yay aylarında hava yaxşı oluqda və qonaqlarla edilir. Belə nahar etmək bayram - parti əhval-ruhiyyəsi yaradır. Söz birləşməsi italyan dilindən gəlsə də italyanca bu mənanı vermir və italyanlar açıq-havada yemək demək üçün başqa sözlərdən istifadə edirlər.

Belə yemək nəinki bizim mədəniyyətimizdə, hətta deyərdim bütün mədəniyyətlərdə var. Uşaqlıqda üzüm çardağının altında yemək yeməyi çox sevərdim. Həyət evlərində yaşayanlar yəqin ki, yay aylarında çox vaxt həyətdə belə nahar edirlər. Belə yemək bizim mədəniyyətimizdə olsa da təəssüf ki, açıq hava kafe mədəniyyətimiz inkişaf etməyib.

Açıq hava kafe mədəniyyəti Avropada yaranıb. Burada söhbət ayrı-ayrı adamların kafenin qarşısında yemək yeməsindən getmir. Məhz kütləvi şəkildə stol-stulları çöldə olan açıq-hava kafesindən danışılır. Bu mədəniyyət daha sonra başqa ölkələrə, misal üçün Amerikaya (hətta deyərdim Fransadan) yayılıb.

Açıq havada kafe mədəniyyətinin Avropada nə vaxt yarandığını demək çətindir. Amma bir şey dəqiqdir ki, la belle époque zamanı bu mədəniyyət özünün maksimum inkişaf səviyyəsinə çatıb. Həmin mədəniyyətin olmadığı əyalətlərə də yayılıb. Bunu həmin dövrün rəssamlarının əsərlərində də görmək olar. Misal üçün aşağıda açıq hava kafesini əks etdirən rəsm Van Qoqun çox məhşur əsəridir. Fransanın Arles şəhərində  la belle époque zamanı çəkilib.

Vincent Van Gogh, 1888, Terrasse de café sur la place du Forum
La belle époque rəssamlarının belə əsərləri çox maraqlıdır. O dövrün cah-cəlalına nəzər yetirməyə kömək olur. Terassalı kafelərin rəsmləri isə məhz həmin dövrdə çoxdur.

Leon Joseph Voirin, 1882, La Terrasse Du cafe Du Glacier, Place Stanislas A Nancy. Foto artrenewal.org
Yuxarıdakı rəsm də Fransanın Nancy şəhərində çəkilib. Vyanada da belə rəsmlər çoxdur. Aşağıdakı rəsm isə çox güman ki, o dövr Belçikanı əks etdirir (Aime Stevens Belçika rəssamı olduğundan). Qadının əllərinin eleqant duruşuna fikir verin. Ümumiyyətlə terassa stol-stullarının da bu dövrdə sanki xüsusi bir eleqantlığı var idi.

Aime Stevens (1879-1951), Au Cafe. Foto artistsandart.org
Amma bütün rəsmi çəkilən kafelər içində təbii ki, ən məşhurları Paris kafeləri olub. Britaniya jurnalisti Henry Sutherland Edwards 1893-cü ildə buraxdığı "Köhnə və Yeni Paris" kitabında Fransanın tarixinin böyük hissəsinin onun kafelərinin tarixi olduğunu vurğulayır. O bir çox kafelərin adını çəkir. Onlardan biri Café des Aveugles, yəni korlar kafesi, adını orada ifa edən kor kişilərin orkestrindən götürüb.

Kitabda həmin dövr Parisdə bir neçə növ kafelərin olduğu deyilir: café littéraire - ədəbi kafe, café électrique - elektrik kafesi, café oriental -  şərq kafesi. Ədəbi kafelər ziyalı təbəqələrin oylağı və intellektual fikirlərin, söhbətlərin baş tutduğu yer olub. Millətin düşüncə istiqamətinin müəyyən edilməsində rol oynayıb. Belə kafelərdə "1 frank xərcləyən" hər kəs bir kitab götürə bilərdi. Belə kafelərin adətən böyük kolleksiyası və "redaktoru" olurdu. Sonda hesabı ödədikdən sonra verilən voucherlə kitabları seçmək olurdı. Təsəvvür edirsiniz kitab oxumağı populyarlaşdırmaq üçün necə gözəl bir vasitə?

Elektrik kafelərində pulu ödəyərkən kassada elektrik şoku almaq olardı. O dövr üçün bu özünəməxsus bir əyləncə idi. Amma təbii ki, yalnız ilk dəfə kafeyə gələn şəxslərlə baş tuturdu. Əyləncəyə baxın. Bizim dövrümüzdə yaranan internet-kafelərə elektrik kafelərinin evolusiyası kimi baxmaq olar.

Şərq kafesi şərq stilində olması ilə bilinirdi. Bu kafelərin içində ən populyarı və ən çox yayılmışı ədəbi kafelər idi. Ədəbi kafelərin birincisi 18-ci əsrdə açılmış Café Procope idi. Bu kafeyə çoxlu yazıçı, şair və başqa ədəbiyyat adamları gələrdi. La Belle Époque-da ən məşhur kafelərdən biri isə Café de la Paix idi. Café de la Paix yanındakı Opera Garnier ilə birlikdə eleqant təbəqənin mərkəzi oturma yerinə çevrilmişdi. Bu kafenin çoxlu rəsmləri var. Aşağıdakı rəsmdə də həmin kafe əks olunub:

Georges Croegaert, 1883, Au Café de la Paix
Yuxarıdakı rəsmdə "La coloniale chocolat" reklamı diqqətimi çəkdi. Çox maraqlıdır. Hamı məşğuldur. Kimisi fikirləşir, kimisi baxır, kimisi söhbət edir. Eyni dövr (bir il fərqlə) Parisdən başqa bir rəsm:

Louis Anet Sabatier, 1884, Cafe Scene in Paris. Foto artistsandart.org
Eyni dövrdə Venesiya kafeləri də açıq-havada xidmət göstəriblər:

Manuel Ramírez Ibáñez, 1884, Mujeres elegantes en Venecia, Eleqant xanımlar Dojlar sarayının qabağında çay içərkən, Venesiya. Foto artnet.fr
Çox güman ki, açıq-hava kafeləri Fransa, İtaliya və İspaniya kimi ölkələrdə hava şəraitinə görə daha uyğun olub. Amma bugün belə kafe mədəniyyəti bütün Avropa ölkələrində var. Ümumiyyətlə, özünə hörmət edən hər bir şəhərin açıq-hava kafesi haqqında requlyasiyalar toplusu var. Ümid edirəm ki, belə bir toplu bir gün Azərbaycanın şəhərlərində də olacaq.

0 comments:

Post a Comment