Vyana incisi zaxer

Bölmələr: // 3 comments
Üçqatlı dördbucaq zaxer tortu kəsiyi
Zaxer sözünü birinci dəfə eşidəndə adamın ağlına zəhər sözü gəlir. Həm də bir az rusca səslənir. Amma əslində dünyada çox məşhur, dadlı Avstriya şokolad tortudur. Almanca yazılışı belədir: sacher. Oxunduqda isə zaxer kimi oxunur (almanca tam adı sachertorte-dır). Çoxlu variasiyaları var. Tortun adı onu icad edən şəxsin familiyasından götürülüb.

Deyilənə görə 1832-ci ildə Şahzadə Klemens Wenzel Metternich şəxsi çefindən axşam qonaqlığı üçün xüsusi desert hazırlamasını istəyir. Çef xəstələndiyi üçün bunu edə bilmir. Onda 16 yaşlı Franz Sacher qollarını çırmalayıb bu tortu mətbəxdə olan inqredientlərdən hazırlayır.  O zaman Sacher ikinci il idi ki, Metternich-in mətbəxində şagird kimi çalışırdı. 

Tort şokolad biskvitdən, biskvitin üzərinə və yanlarına qalın layla yaxılmış ərik cemindən və tortun üstünü və yanlarını tamamilə örtən tünd şokolad qlazurdan ibarətdir. Süfrəyə adətən çalınmış krem ilə verilir. Qonaqlar tortu bəyənsə də elə bir səs-küyə səbəb olmur. 

İllər sonra Franz Sacherin oğlu Eduard tortun reseptini daha da təkmilləşdirir. O bu tortları ilk olaraq işlədiyi Demel şirniyyatxanasında hazırlayır. Sonra 1876-ci ildə beş ulduzlu Sacher Otelini açır. Həmin dövrdə böyük otellərin özünəməxsus tortu olurdu. Üstəlik Vyana "kofe evləri şəhəri" olduğundan tort və şirniyyatların Vyana mədəniyyətində özünəməxsus yeri var və var idi. 

Sacher tortu da Sacher Otelinin adını tanıtmağa kömək edir. Eduard Sacher 1892-ci ildə vəfat etdikdən sonra həyat yoldaşı Anna oteli idarə edir. Onun idarəsi altında otel Avropa aristokratlarının məkanına çevrilir. Anna vəfat etdikdən dörd il sonra 1934-cü ildə otel bankrot olur. 

Anna və Eduard Sacherin oğlu Eduard Sacher isə Demel şirniyyatxanasında işə düzəlir. Özü ilə birlikdə Eduard sacher tortunun eksklüziv yayma hüquqlarını da şirniyyatxanaya gətirir. Oteli almış yeni sahiblər 1938-ci ildə sacher tortu ənənəsini "original sacher tortu" adı altında davam edir. II Dünya Müharibəsindən sonra  isə iki tərəf arasında leqal müharibələr başlayır. 

Uzun sürən məhkəmələrdən sonra nəhayət 1963-cü ildə Demel şirniyyatxanası və Sacher Oteli razılaşmaya gəlirlər. Bugün hər iki tərəf oxşar, lakin bəzi xüsusiyyətlərinə görə fərqlənən tortlar hazırlayır və satır. Reseptlərin əsas fərqi ondadır ki, otelin sacher tortunda şokolad biskvit qatlarının (iki horizontal kəsik)  arasında ərik cemi qatı var. Demel tortunda isə bu qat ümumiyyətlə yoxdur (tam biskvit). 

Tortu kəsmədən hansı olduğunu bilmək istəsəniz üstündəki şokolad möhürə baxın. Demelin möhürləri üçbucaq, Sacher otelinin möhürləri isə yumrudur. Tortu hər iki müəssisədən onlayn da almaq olar. Bu müəssisələr hər il dünyanın bir çox yerlərindən sifarişlər alır. 

Bir də tort məşhurluğuna görə turistləri cəlb edir. Bəlkə də Vyanalıların özündən çox turistlər tərəfindən yeyilir. Vyanada olsanız Demel kafesinə (New Yorkda da var) və Sacher otelinin Sacher kafesinə (Salzburg, Innsbruck və Graz-da da var), ya da elə Vyana aeroportunun duty free-sinə siz də baş çəkin və sacher tortundan ləzzət alın. 

Səyahət imkanınız yoxdursa özünüz də hazırlaya bilərsiniz. İnternetdə müxtəlif reseptlər var. Ərik cemi də bizdə tapılan və yeyilən məmulatlardandır. Mən də hazırlamağı və tortu şəkildəki kimi üçqatlı etməyi düşünürəm. 

3 comments: Leave Your Comments